Bir xalqın, bir millətin uğurlu gələcəyi savadlı, bilikli, milli-mənəvi dəyərlərə sadiq, vətəninə, torpağına sadiq, bağlı olan,  dövlətinin rifahi üçün çalışan gənclərdən asılıdır. Bir xalq öz gələcəyinin parlaq olmasını istəyirsə, sahib olduğu gənc nəslin daha gözəl yetişməsi üçün əlindən gələni etməlidir. Xüsusilə də dəyərlər mühitində yetişən, milli-mənəvi, etik-əxlaqi dəyərlərə sahib olan gənclər bir xalqın parlaq gələcəyinin təminatçısıdırlar. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edib. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Vətən Müharibəsi dövründə istər döyüş meydanında istərsə də sosial şəbəkələrdə gənclərimiz fəal iştirak etmiş, informasiya müharibəsinə tək Azərbaycan vətəndaşları yox, öz təşəbbüsləri ilə dünya azərbaycanlıları da qoşuldular.Bu gün Azərbaycan gənci dünyaya meydan oxuyan, haqqında əfsanələr yaranan əsgər, komandir, bütöv bir ordudur! Bu gün Azərbaycan gənci sinəsini düşmənə sipər edən , vətən yaşasın deyə şirin canını qurban edən qeyrət qalası, and yerimiz, şəhidlərimizdir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini

 

Bir cavab yazın