Bir kəmər, bir yol.

Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq prinsiplərini rəhbər tutan Azərbaycan Çin Xalq Respublikası ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki respublika arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində söyləyib: “Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”.

Son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Onu da diqqətinizə çatdırmaq istərdim ki, hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət əlaqələri inkişaf edir. Çin Xalq Respublikası, Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. Əsasən, Azərbaycanın xammal ixracı və Çin Xalq Respublikasının texnologiya, maşınqayırma və avadanlıq ixracı ilə əlaqəlidir. Çin şirkətləri Azərbaycanın enerji və infrastruktur layihələrində iştirak edir.Ümumilikdə, Azərbaycanın Çin Xalq Respublikası ilə iqtisadi əməkdaşlığı, hər iki ölkənin strateji maraqları və iqtisadi inkişaf məqsədləri ilə uyğun gəlir və bu əlaqələr daha da dərinləşməkdədir.

 

Ruslan Babayev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri 

Bir cavab yazın