Dövlət başçılarının qarşılıqlı səfərləri siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı daha da gücləndirir.
İran-Azərbaycan münasibətlərinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulması və Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi və iqtisadi reallıqlar nəzərə alınaraq uğurla davam etdirilməsi bu gün yaranan yaxın əməkdaşlıq şəraitinin əsaslarını təşkil edir. Qonşuluq, ortaq tarix və mədəniyyət, dəyərlər, hətta qohumluq və qardaşlıq amili bu münasibətləri daha da dərinləşdirir. Lakin bir çox hallarda iki ölkə arasındakı bu əməkdaşlığın inkişafına həm İran daxilindəki bəzi qüvvələrin, həm də onları dəstəkləyən müəyyən xarici dairələrin müdaxilə cəhdləri var idi. Bütün bunlara rəğmən Azərbaycanın davamlı mövqeyi qonşu İranla dost münasibətlərini qoruyub saxlamaq olub.
Məlumdur ki, İranla sərhəd xətti də bölgənin təhlükəsizlik və sabitlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ölkənin 12 ölkə ilə quru sərhədləri arasında ən etibarlısı Azərbaycanın sərhədi hesab olunur. Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında işğaldan azad edilmiş Xudafərini ziyarət edərkən körpünü “Dostluq körpüsü” adlandırması bu münasibətlərin rəmzi təsdiqi idi.
Ümumiyyətlə ötən illərdə ölkəmizin İrana qarşı yaxın qonşuluq və dostluq münasibəti özünü təkcə sözdə deyil, həm də real işdə göstərib. Belə ki, bəzi böyük dövlətlərin İranla hərbi-siyasi qarşıdurması zamanı Azərbaycan bu ölkənin tərəfində olub. Xüsusilə Azərbaycandan İrana qarşı hərbi poliqon kimi istifadə etmək istəyən fövqəlgüclərə rəsmi Bakı rədd çavabı verib. Bu, Azərbaycanın güclü və şərtləri qəbul etməyən, eyni zamanda, qonşuluqda etibarlı ölkə olduğunun göstəricisidir.
2016-cı il fevral ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı Azərbaycanın və İranın dövlət başçıları arasında həm təkbətək, həm də geniş tərkibdə keçirilən görüşlərdəiki dövlət arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrə aid məsələlər müzakirə olunmuşdur. Həmin görüşlərdə Azərbaycan və İran arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmış, 2016-cı ilin sonunadək Astara-Astara dəmir yolu xəttinin birləşdirilməsi barədə razılığa gəlinmişdir.
Hazırda İran və Azərbaycan iki regional üçlükdə təmsil olunurlar: Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya. Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında mütəmadi görüşlər keçirilməsi haqqında ilk razılaşma 2010-cu ildə İstanbulda keçirilən İƏT-in sammitində əldə edilmişdir.
2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın 1993-cü ildən bəri işğal altında saxladığı Azərbaycanla İran arasındakı 130 kilometrlik dövlət sərhədini tam bərpa edilib.
Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bu günü və gələcəyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bütün bu önəmli məqamları nəzərə alaraq, aprelin 28-də mətbuata verdiyi bəyanatda səfərlə bağlı gözləntisini bəyan etdi: “Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.
İki ölkə rəhbərlərinin imzaladıqları Birgə Bəyanat dövlətlərarası münasibətlərin inkişafı ilə bağlı hər iki tərəfdə ali siyasi iradənin mövcud olduğunu bir daha göstərdi. Xüsusilə, hər iki ölkənin xarici işlər nazirlikləri arasında imzalanan 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı, habelə nəqliyyat sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı Anlaşma Memorandumu siyasi və logistik əlaqələrin dərinləşdirilməsinə hesablanıb.
İran Prezidenti Bakıda xalqlarımız və ikitərəfli münasibətlərimiz üçün olduqca önəmli olan Qarabağ mövzusuna da səmimiyyət və həssaslıqla yanaşdı: “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq”. Olduqca dəyərli olan bu bəyanatdan sonra Prezident İlham Əliyev Azərbaycan-İran biznes-forumunda səsləndirdiyi çağırışla bir daha diqqətlərə çatdırdı ki, qarşılıqlı səmimiyyətin, etimad və siyasi iradənin göstəriləcəyi təqdirdə, gələcək əlaqələr ölkələrimizlə yanaşı, regionun və bütövlükdə dünyanın təhlükəsizliyi, qlobal əməkdaşlıq üçün olduqca faydalı ola bilər: “Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər… Eyni zamanda, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir”.
Xalqımızda İran Prezidentinin səfərinə böyük marağın olması həm də onunla bağlı idi ki, O, həm də bizim İrandakı on milyonlarla soydaşımızdan biridir. Eyni zamanda, soydaşımızın İran kimi böyük və qonşu bir dövlətə rəhbərlik etməsi insanda qürur hissi yaradır. Azərbaycan dilini öz doğma dili hesab edən və hətta bəzi hallarda rəsmi tədbirlərdə bu dildən kifayət qədər geniş istifadə etməsi bir daha göstərir ki, İranın siyasi hakimiyyətində orada yaşayan soydaşlarımıza, o cümlədən Azərbaycan dövlətinə isti münasibət bərqərar olub.
Səmədağa Hümbətov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri