Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.
Dövlətlərimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Xalqlarımızın tarixi və mədəni bağlılıqları iki dövlət arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır və bu gün ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat-logistika və digər sahələr üzrə inkişaf edir. Ümumilikdə dövlətlərimiz arasında münasibətlər möhkəm təməllər üzərində qurulub. 1969-cu ildə İranın Bakı şəhərində açılmış konsulluğu 1992-ci ilin mart ayından İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. Bundan başqa, 1992-cü ildə İranın Naxçıvanda Baş konsulluğu, 2004-cü ildə isə Azərbaycanın Təbrizdə Baş konsulluğu açılıb. Bütün bunlar hər iki ölkənin qarşılıqlı əlaqələrdə maraqlı olmasına sübutdur.
Prezident İlham Əliyev aprelin 28-də mətbuata verdiyi bəyanatda Azərbaycanın səfərlə bağlı gözləntisini bu cür ifadə etdi:
“Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.
Azərbaycan və İran Prezidentlərinin imzaladıqları Birgə Bəyanat həmin sənədlər arasında əlahiddə yer tutur və dövlətlərarası münasibətlərin inkişafı ilə bağlı hər iki tərəfdə ali siyasi iradənin mövcud olduğunu nümayiş etdirir. Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında imzalanan 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı, habelə nəqliyyat sahəsində hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı Anlaşma Memorandumu siyasi və sahəvi əlaqələrin dərinləşdirilməsi məqsədini hədəfləyir. Sonuncu sənəd ölkələrimizlə yanaşı, region və bütövlükdə Avrasiya məkanı üçün olduqca əhəmiyyətlidir. Şimal-Cənub nəqliyyat dəhlizinin uğuru və bu istiqamətdə əməkdaşlığın faydalılıq əmsalı hər iki dövlətin siyasi iradəsindən xeyli dərəcədə asılıdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi növbəti açıqlama da göstərdi ki, iki ölkə arasında görülə biləcək işlərin əhatə dairəsi kifayət qədər genişdir və hər iki tərəf boşluqları aradan qaldırmaq üçün ən ali səviyyədə xoş niyyət göstərməyə hazırdır:
“Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək”.
İki dövlət başçısının Bakıda keçirdiyi görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər bir daha əminlik yaradır ki, Azərbaycan-İran əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Elmira Kazımova,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri