Əlverişli investisiya mühitinin yaranması
2021-ci ilin iyunun 15-də iki dövlətin başçısı tərəfindən işğaldan azad edilmiş Şuşada imzalanan strateji müttəfiqlik bəyannaməsi Ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” şüarının rəsmi təsdiqinə çevrildi. Bu, olduqca böyük bir uğurdur. Ümumiyyətlə, dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əlyiev də bildirmişdi ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli səciyyə daşıyaraq həyatın bütün sahələrini əhatə edir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarını da möhkəmləndirdi. Qars Müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır.
İlk növbədə vurğulanmalıdır ki, Bəyannamə hər iki dövlət tərəfindən rəsmən ratifikasiya olunub. Bu isə o deməkdir ki, Bəyannamədə nəzərdə tutulan müddəalar artıq rəsmiləşib. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artması baxımından böyük əhəmiyyət daşıyır. Əslində ötən bir ildə regionda və qlobal miqyasda baş verən siyasi prosesləri nəzərdən keçirəndə, bu sənədin əhəmiyyətini daha yaxşı dərk etmək olur. Ötən bir il ərzində hər iki dövlət qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün mühüm addımlar atıblar. Prezident Ərdoğan bəlkə də bölgənin ən mühüm inkişaf elementinə çevriləcək Füzuli Beynəlxalq Aeroportunun açılış mərasiminə qatıldı. Bu Hava Limanı dünyanın əsas iqtisadi arteriyasına çevriləcək bir xəttin ən mühüm nöqtələrindən biridir. İki prezidentin açılışda birgə iştirakı isə dünyaya yeni birlik, qardaşlıq mesajı idi.
Bəyannamənin iqtisadi dividendləri olduqca böyükdür. Bəyannamədə tərəflərin ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, perspektiv sahələrdə birgə istehsalın yaradılması eyni zamanda investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artırması nəzərdə tutulur. Nəzərə alsaq ki, ölkələrin dayanıqlı iqtisadi inkişafını şərtləndirən başlıca amillərdən biri birbaşa xarici investisiyalardır, investisiya mühitinin yaxşılaşdırılması və digər istiqamətlərin inkişafı mühüm perspektiv vəd etməkdədir. Bəyannamədə kommunikasiya ilə bağlı məsələlər öz əksini tapıb ki, burada da hər iki ölkənin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur. Şuşa bəyannaməsində Zəngəzur dəhlizinin açılması və bu dəhlizinin davamı olaraq Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Zəngəzur dəhlizinin açılması həm Türkiyə və Avropanın Orta Asiya ölkələrinə əmtəə ixracını həm də Orta Asiya ölkələrinin Türkiyə və Avropaya əmtəə ixracını asanlaşdırır. Nəticə etibarilə nəqliyyat xərcləri azalır eyni zamanda Azərbaycan tranzit ölkə kimi yüksək iqtisadi dividend əldə edir.
Anar Güllərli,
YAP Neftçala rayon təşkilatının fəal üzvü