Rəmzi məna
2021-ci ilin 15 iyunu Azərbaycan Respublikasının şanlı zəfər tarixinə xüsusi əhəmiyyəti olan bir gün kimi daxil oldu. Ölkəmizin azadlığını, müstəqilliyini və dövlətimizin daimi, əbədiyaşar olduğunu bir daha bütün dünyaya bəyan etdik. Həmin gün Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanan, özündə ictimai həyatımızın bir sıra aspektlərinə dair vacib məsələləri əks etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş respublika arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan, Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.
Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsinin məntiqi davamı olmaqla Cənubi Qafqazda münasibətlərin yeni konfiqurasiyasının əsasını təşkil edir. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Şuşa Bəyannaməsinin imzalanması ilə regionda yeni inkişaf mərhələsinin əsası qoyuldu. Bu istiqamətdə bəyannamənin ən mühüm aspektlərindən biri hərbi müttəfiqlik məsələlərini əhatə etməsidir. Bu bəyannamə ilə tərəflərin hərbi, siyasi, iqtisadi sahələrdə müttəfiqliyi beynəlxalq hüquq normalarına uyğun olaraq təsbit olunmuş və bütün dünyanın diqqətinə çatdırılmışdır. Burada özünü daha qabarıq göstərən məsələlərdən biri isə hərbi sahədə əməkdaşlıqla əlaqədar iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə digər dövlətlər tərəfindən təhdid və təcavüzlə bağlı hər hansı bir təhlükənin olması müqabilində onların fəaliyyəti ilə bağlıdır.
Həm Azərbaycan, həm Türkiyə, həm də ümumiyyətlə, region üçün tarixi önəm daşıyan Şuşa Bəyannaməsində qeyd edilən məsələlərin yer alması hər iki ölkə üçün təhdid mövqeyində duran bütün qüvvələrə, eyni zamanda, Ermənistandakı revanşistlərə ciddi siyasi, hərbi xəbərdarlıqdır. Bu sənəd ilə faktiki olaraq yeni regional hərbi-siyasi blok yaranmışdır ki, onun da əsas məqsədi ərazi bütövlüyünə təhdid yarandığı halda, ölkələrin bir-birinin yanında olması faktını hərbi, siyasi, diplomatik qaydalarla təsdiq etməkdən ibarətdir. Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq sahəsində bir sıra məsələlərin həllinə yol açır. Bu, hər şeydən əvvəl, sənədi imzalayan hər iki dövlətin silahlı qüvvələrinin müasir tələblər səviyyəsində modernləşməsindən, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Ordusu modelində qurulmasından, müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə strateji fəaliyyətin təmin edilməsindən, hərbi təhlükəsizliyin daimi və əbədi olması üçün təxirəsalınmaz tədbirlərin reallaşdırılmasından, ən son, müasir texnologiyalara əsaslanan hərbi texnika, maşın, mexanizmlərin, silah və sürsatların istehsal və idarə edilməsindən, eyni zamanda, bu istiqamətdə digər məqsədləri həyata keçirmək üçün zəruri qurumların fəaliyyətlərini tənzimləməkdən ibarətdir.
Şuşa Bəyannaməsi, eyni zamanda, hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, loqistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına və s. geniş şərait yaradacaq. Digər bir vacib məqam ondan ibarətdir ki, Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və Şuşa Bəyannaməsi bu qardaşlığı daha da gücləndirir.
Pərviz Hacıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri