Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Təsadüfi deyil ki, Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Məhz müstəqillik illərində Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri var. Bu gün isə Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır.İki dost, qardaş, müttəfiq ölkənin əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər etmişdir. Hər bir səfər iki ölkə arasında əlaqələrin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə reallaşdırdığı dövlət səfəri mühüm məqamlarla tarixə yazıldı. Səfər zamanı hər iki Ölkə Prezidenti mətbuata bəyanatları zamanı qeyd etmişdilər ki, ölkələrimizi həm tarix, həm mədəniyyət, həm ortaq dil və etnik yaxınlıq birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, bu gün Özbəkistan-Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçib. Görüş zamanı ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini , strateji, müttəfiqlik münasibətləri müzakirə edilərək bir daha təsdiqləndi. Azərbaycan-Özbəkistan dostluğu Qarabağın bərpası prosesində də özünü nümayiş etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider oldu. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar. 2023-cü il avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir. Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Şəfəq Balaşova
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatın sədri