Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla davam edir.
Məlum olduğu kimi aprel ayının 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etdi. Bu səfər iki ölkə arasında iqtisadi əhəmiyyəti ilə yanaşı, dostluq əlaqələrinin güclənməsinə xidmət edir.
Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.
Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Azərbaycan və İran arasında bu cür münasibətlər həm regional təhlükəsizlik məsələləri, həm də çoxtərəfli əməkdaşlıq üçün münbit şərait var.
İki dövlət başçısının Bakıda keçirdiyi görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər bir daha əminlik yaradır ki, Azərbaycan-İran əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Yalçın Səfərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri