İki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıqlar və perspektivlər

Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemində fərqli quruluşa, rejimə malik olan İranla da əməkdaşlığı diqqət mərkəzində saxlayır. Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal amillər mühüm rol oynayıb. Ölkələrimiz və xalqlarımız arasında tarix boyu mövcud olmuş səmimi dostluq əlaqələri müasir dövlətlərarası münasibətlərin yaranması üçün möhkəm zəmin rolunu oynayıb. Azərbaycan ilə İran arasındakı sərhəd də məhz dostluq sərhədidir.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri ölkənin xarici siyasət prioritetlərini, regional və qlobal tərəfdaşlıq meyillərini ortaya qoydu. Görüşlərdə iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və perspektivlər müzakirə olundu. Bu görüşlər iki dövlət arasında tarixi əlaqələrin davamlılığını və respublikalarımızın regionun sabitliyinə verə biləcəkləri töhfələri bir daha nümayiş etdirdi.

Azərbaycan ilə İran arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici amildir. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulub. Bu səfər iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin vacibliyi barədə dedikləri Cənubi Qafqazda gedən prosesləri destruktivləşdirməyə çalışan bəzi dünya güclərinə açıq mesaj kimi qiymətləndirilməlidir. Bu gün həm İranın, həm də Azərbaycanın istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı fikirləri üst-üstə düşür.

Bakı və Tehranın bütün beynəlxalq təşkilatlarda – Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birinə dəstək verirlər. Təbii, burada nəqliyyat layihələri xüsusi rol oynayır. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50% artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal-Cənub nəqliyyat dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsinə, beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır. Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək, nəqliyyat imkanlarının və infrastrukturun genişləndirildiyini diqqətə çatdırdı.

Mətbuata birgə bəyanatda İran Prezidenti Məsud Pezeşkianın “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq” deyə bəyan etməsi İran-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsi, yeni bir mərhələnin başlanğıcıdır. İran Prezidentinin Azərbaycana rəsmi səfəri Prezident İlham Əliyevin bəyan etdiyi kimi, çox gözəl siyasi nəticələrlə yadda qaldı. Əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər Azərbaycan-İran əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyindən xəbər verir.

 

Pikə Ağaverdiyeva,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədr müavini

Bir cavab yazın